Ana səhifə / Xəbərlər / Novruz bayramı və onun tarixi kökləri

Novruz bayramı və onun tarixi kökləri

Paylaşmaq!

Novruz bayramı və onun tarixi kökləriNovruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi mənada yeni gün deməkdir. Amma, ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir.

Novruz bayramı və onun tarixi kökləri

“Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye” (Pamyatniki minuvşix pokoleniy), Kaşğarlı Mahmudun “Divanü Lugat-it Türk”, Balasaqunlu Yusif Has Hacibin “Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik. Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, qohum və yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulmuşdur.Novruz bayramı və onun tarixi kökləri
Novruzun əkinçilik təqvimi ilə bağlı olması tarixdən məlumdur. Belə ki, bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı şəmsi-günəş təqviminin ilk ayının ilk gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü Novruz (Yeni gün) adlandırıblar.
Azərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonra öz əhəmiyyətini azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür.
Novruz yazın, baharın gəlişinin bayram edilməsidir. Bu çox geniş yayılmış və ümumi bir fikirdir. Bu prizmadan baxaraq bir qədər də irəli gedən araşdırmaçılara görə, Novruz əski “inisiasiya” mərasimi ilə əlaqəlidir. İnsanlar təbiətin qışla ölüb yazla dirilməsini bayram edirlər. Novruzda biz bu ritualın rudimentini “Kosa-kosa” oyununda görürük. Bu oyunda Kosanın ölümü simvollaşdırılmışdır. Onun “kəfənsiz ölməsi” belə heç kimi məyus etmir, əksinə, güldürür. Kosanın ölümü ritual epizodunun oyunda ifadəsidir, yəni arxaik ritualın özü və ya onun bütövü deyildir. Amma bu oyunda arxaik ritualın bərpası üçün çox əhəmiyyətli detallar saxlanmışdır.
Novruz bayramı və onun tarixi kökləriBaharın gəlişi, havaların istiləşməsi, qarın əriməsi, təbiətin canlanması bütün insanlara olduğu kimi türklərə də dərin təsir etmiş, həyəcanlandırmış və bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olmuşdur. Türk sözü olan bayram M. Kaşğarlının “Divan”ında “Bedhrem” (bayram) – bir yerin işıqlarla və çiçəklərlə bəzənməsi və orada sevinc içində əylənilməsidir” – şəklində izah edilmişdir.
“Novruz” tərkib elementləri etibarilə arxaik ritualdır, mövsüm mərasimidir, təqvim bayramıdır və ya milli bayramdır. Bunlardan sonuncusu, yəni müasir milli bayram anlayışı onların məcmusunu özündə ehtiva edir.
Novruzun tərkibində arxaik ritual elementlərinin (səməni cücərtmə, tonqal qalama, tonqal üstündən tullanma, qulaq falıNovruz bayramı və onun tarixi kökləri və ya qapı dinləmə, yumurta boyama və yumurta döyüşmə, qurşaq atdı, kosa-kosa, kəndirbaz oyunu, deyimlər, nəğmələr və s.) bəzən geniş şəkildə və bəzən də rudimentlər kimi müşahidə olunması onu ritualşünaslıq aspektindən də araşdırmağı şərtləndirir. Novruz bayramı ərəfəsində bayram hazırlıqları başlanır. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və s. daxildir. Bayramda müqəddəs yerlər ziyarət edilir, qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər barışır, kasıblara yardım edilir, bayram payı paylanır və s. Təmizlənməmiş həyət-baca, köhnə paltar, kasıblıq və aclıq xaosu simvolizə edir. Küsülülük, kommunikativ böhran sosial xaosun ifadəsidir. Təmizlik, təzə paltar, yeməklər, xaosun natəmizlik, köhnəlik, aclıq kimi formalarını aradan qaldırır və onları yeni nizamla əvəz edir. Küsülülük barışla əvəzlənəndə sosial harmoniya bərpa olunur. İnsanların tonqal ətrafına toplaşması, onun üzərindən tullanması, ilk öncə hər hansı bir şəkildə onunla təmas yaratmağa cəhd etməsi diqqəti çəkməkdədir. Burada əcdad dünyasına yola salma və tonqalda Tenqriyə qurban vermə arxaik ritual hərəkətləri gerçəkləşməkdədir. Tonqal üzərindən tullanarkən söylənən “ağırlığım, uğurluğum burda qalsın” ritual deyimi “türklərdə odun arındırıcı” funksiyası ilə izah olunursa olunsun, bizcə bu çox bəsit və ritualın sakral mahiyyəti ilə uzlaşmayan bir yanaşmadan uzağa getmir. Özünü oda atan, alovun içərisindən keçən “ritual personajı” özünü Tanq Tenqriyə qurban etmiş olur.
Yumurta döyüşdürülməsi iki dünyanın-qışla yazın, soyuqla istinin, xaosla-kosmosun mübarizəsini nümayiş etdirməkdir. “Toxum cücərtmək” və ya “SəməniNovruz bayramı və onun tarixi kökləri qoymaq” da bir şəkildə təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. “Qulaq falı” və ya “qapı pusmaq” yeniləşmənin məlumat səviyyəsini əks etdirir. Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Novruzla bağlı orta əsrlərə aid yazılı qaynaqlarda bu adətlərin zərdüştlük dönəmində mövcud olduğu və onun xüsusi icraçılar – Zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi haqqında məlumat verilir. Sonrakı dövrlərdə “torba atmaq” “qurşaq atmaq” və ya “şal sallamaq”la əvəzlənmişdir. Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər öz təsirlərini göstərmişdir. Ən yeni dövrün “torba atmaq” mədəniyyətində “dəsmal atmaq” və “papaq atmaq” kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır. Novruz bayramının ritual əsaslarının təhlilindən gəldiyimiz qənaətlərə görə, onun yaranışı nə zərdüştlüklə, nə də islam dini ilə əlaqəlidir. Çünki burada müşahidə olunan arxaik ritual elementləri şaman, buddist, xristian və müsəlman türklərin mövsümlə bağlı icra etdikləri ortaq rituallardır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart — Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilərin törətdiyi soyqırımı nəticəsində on minlərlə dinc azərbaycanlı əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış yerləri yandırılıb, talan edilib, milli mədəniyyət abidələrimiz, dini ibadət yerləri dağıdılıb.

Добавить комментарий