Excel 2016 proqramında cədvəllər və diaqramlar bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Excel 2016 proqramında cədvəllər və diaqramlar
Excel 2016 proqramında cədvəllər necə yaradılır?
Excel 2016 proqramında cədvəllərin yaradılması zamanı sütun və sətirlərin ölçüsünün dəyişdirilməsi, əlavə olunması, xanaların birləşdirilməsi, cədvəl xətlərinin çap üçün görünən edilməsi və s. əməliyyatlar yerinə yetirilir. Cədvəl xətlərini görünən etmək üçün çərçivə alətinin menyusundan uyğun çərçivələr seçilir.
Diaqram nədir?
Elektron cədvəllər, əsasən, böyük həcmdə eynitipli ədədi verilənlərin tez və keyfiyyətlə emalı üçün nəzərdə tutulsa da, onları qrafik şəkildə göstərməklə daha əyani və anlaşıqlı edir. Cədvəl verilənlərinin qrafik təqdim edilməsi üçün başlıca vasitə diaqramlardır.
Diaqram verilənləri qrafik formada əyani təqdim etmək üçün nəzərdə tutulub. Diaqramlar verilənləri daha yaxşı təhlil etməyə, onları müqayisə etməklə cədvəldə gözə çarpmayan qanunauyğunluqları aşkarlamağa imkan verir.
Elektron cədvəl proqramlarında hansı növ diaqram qurmaq olar?
- Xətti
- Dairəvi
- Sütunlu
Xətti diaqram nədir?
Xәtti diaqram, yaxud qrafik dəyişənlərin necə dəyişməsini göstərmək üçün verilənlərin qiymətlərinin düz xətlərlə birləşdirildiyi diaqram növüdür.
Dairəvi diaqram nədir?
Dairәvi diaqram faiz qiymətlərini dairənin, yaxud diskin sektorları kimi göstərən diaqram növüdür. Belə diaqramda hər bir bölmə (sektor) uyğun qiymətin bütün qiymətlər cəmində nisbi payını (faizlə ifadə olunmuş) əks etdirir.
Histoqram, yaxud zolaqlı diaqram (sütunlu diaqram)
Histoqram, yaxud zolaqlı diaqram (sütunlu diaqram) müxtəlif hündürlüklü (enli) şaquli və ya üfüqi zolaqlardan ibarət olan qrafik növüdür. Bu zolaqların hər biri verilənlərin müəyyən qiymətinə uyğundur ki, bu da onların kəmiyyətlərinin nisbətini müşahidə etməyə imkan verir.
Elektron cədvəldə bir sətirdə, yaxud bir sütunda yerləşmiş verilənlərə sıra deyilir. Diaqram qurarkən öncə sıraları seçdirmək, sonra isə diaqramın tipini seçmək lazımdır. Diaqram özü mürəkkəb obyekt olub aşağıdakı elementar obyektlərdən təşkil olunur: sıra, ox, başlıq, legenda, qurulma sahәsi.
Diaqram istər bir sıraya, istərsə də bir neçə sıraya görə qurula bilər. Seçdirilmiş xanalar diapazonu üçün diaqramın qurulması bir neçə verilənlər sırası üzrə aparılır. Bu halda hər bir sıra olaraq seçdirilmiş diapazonun uyğun sətri, yaxud sütunu götürülür. Başlığı istifadəçi müəyyənləşdirir və o, adətən, diaqramın üstündə yerləşdirilir. Diaqrama legenda – sıraların adlarının, başqa sözlə, dəyişənlərin işarələrinin siyahısını da əlavə etmək olar. Oxlarla əhatə olunmuş qurulma sahәsi verilənlər sırasını yerləşdirmək üçün nəzərdə tutulub. Nəticələrin təhlilini əlverişli etmək üçün qurulma sahəsinə tor da əlavə etmək olar.
Beləliklə biz Excel 2016 proqramında cədvəllər və diaqramlar mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır