Şəbəkə qurğulardan birgə istifadə bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar, Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Şəbəkə qurğulardan birgə istifadə
- 1.1 İnternetdə işləmək üçün nə lazımdır?
- 1.2 İnternet xidmətləri təminatçısı dedikdə nə başa düşülür?
- 1.3 Kommutasiyalı bağlantı nə deməkdir və necə qurulur?
- 1.4 Provayder hansı funksiyaları yerinə yetirir?
- 1.5 Kommutasiyalı bağlantının çatışmamazlığı nədir?
- 1.6 Genişzolaqlı texnologiya nədir?
- 1.7 ADSL hansı texnologiyalar sinfinə aiddir və niyə?
- 1.8 Splitter nədir?
- 1.9 Splitterdən hansı məqsəd üçün istifadə olunur?
- 1.10 Kabel televiziyası şəbəkəsi nədir?
- 1.11 Wi-Fi zonası nədir?
- 1.12 Peyk rabitəsində verilənlər hansı üsullarla ötürülür?
Şəbəkə qurğulardan birgə istifadə
İnternetdə işləmək üçün nə lazımdır?
İnternetdə işləmək üçün aşağıdakıların olması vacibdir:
- kompüterin ümumdünya şəbəkəsinin hər hansı bəndinə fiziki bağlanması;
- daimi və ya müvəqqəti IP ünvanın alınması;
- xüsusi proqram təminatının quraşdırılması və köklənməsi.
İnternet xidmətləri təminatçısı dedikdə nə başa düşülür?
Öz bəndlərinə qoşulmaq imkanı verən və IP-ünvan ayıran qurumlara İnternet xidmətləri təminatçısı və ya, sadəcə, provayder deyilir. «Provayder» termini ingiliscə «provider» — «təminatçı» sözündəndir; İnternet xidmətləri təminatçısı — Internet Service Provider (ISP).
Kommutasiyalı bağlantı nə deməkdir və necə qurulur?
Kompüteri İnternetə fiziki bağlamağın çoxlu üsulları vardır ki, onlardan ən geniş yayılmışı adi telefon xətti vasitəsilə qoşulmadır.Belə qoşulmaya kommutasiyalı bağlantı (ingiliscə: dial-up) deyilir.
Provayder hansı funksiyaları yerinə yetirir?
Provayderlər abunəçilərin İnternetə çıxışını təmin etmək üçün modem ortaqlığından istifadə edirlər. Modem ortaqlığı istifadəçilərin bir telefon nömrəsi ilə qoşulduğu modemlər qrupudur və onların sayı nə qədər çox olarsa, istifadəçilərin zəng edib İnternetə çıxış alması da bir o qədər asanlaşır (bir modem məşğuldursa, zəng o biri modemə yönəldilir və s.). Kommutasiyalı bağlantıda istifadəçinin modemi olmalıdır və bu modem telefon aparatına paralel olaraq xəttə birləşdirilməlidir. Kompüterə quraşdırılmış xüsusi proqram vasitəsilə provayderin verdiyi və modern ortaqlığına qoşulmuş hər hansı telefon nömrəsi yığılır.
Kommutasiyalı bağlantının çatışmamazlığı nədir?
Kommutasiyalı bağlantı nə qədər sadə və geniş yayılmış olsa da, müəyyən çatışmazlıqlara malikdir. Birincisi, modemi provayderlə bağlayan telefon xətti İnternetdə olduğunuz müddətdə məşğul olur. İkincisi, belə bağlantıda verilənlərin ötürülmə sürəti ən çoxu 56 Kbit/saniyə olur.Son zamanlar İnternetə kommutasiyalı bağlantı vasitəsilə qoşulmanın digər bir növündən — mobil rabitə şəbəkəsi üzərindən qoşulmadan tez-tez istifadə olunur.
Genişzolaqlı texnologiya nədir?
Adi telefon xəttindən istifadə etməklə İnternetə daha yüksək sürətlə də qoşulmaq mümkündür. ADSL (Asymmetric Digital Subscriber Line — asimmetrik rəqəmli abunəçi xətti) adlandırılan bu yeni texnologiya İnternet rabitə vasitələrinin xDSL ailəsinə, genişzolaqlı texnologiyalar sinfinə aiddir. Bu texnologiyada verilənlərin ötürülməsində səs (danışıq) üçün ayrılmış tezliklər zolağından yuxarıda yerləşən (4 KHs-dən yuxarı) diapazondan istifadə olunur, buna görə də adi telefon trafikini və verilənləri eyni bir rabitə xətti ilə ötürmək olur.
ADSL hansı texnologiyalar sinfinə aiddir və niyə?
ADSL texnologiyası ilə qoşulma sxemi belədir: abonentin olduğu yerdə ADSL- modem quraşdırılır və o, telefon aparatına paralel qoşulur (bəzən xüsusi tezlik bölüşdürücüsü — splitter gərəkli olur). ATS tərəfdə abonentin telefon xətti DSLAM (DSL Access Multiplexor) avadanlığına bağlanır. Verilənlərin alınmasında mümkün maksimal sürət (24 Mbit/san) konkret telefon xəttinin xarakteristikalarından asılı olur. Xətt nə qədər qısa, kabelin telinin kəsimi (diametri) nə qədər böyük olarsa, maksimal sürəti almaq ehtimalı da böyük olur.
Splitter nədir?
Splitter yüksək tezlikli kanalları bir-birindən ayırmaq və onların eyni anda bir xətdə işləməsini təmin etmək üçün nəzərdə tutulub.ADSL-splitter bir telefon xəttində ADSL-modem və danışıq (və ya faks) kanalının eyni anda işləməsini təmin edir.
Splitterdən hansı məqsəd üçün istifadə olunur?
Kanallar işləyərkən bir-birinə mane olmur və nəticədə istifadəçi bir abonent xəttində iki funksiyadan istifadə edə bilir. ADSL-splitter səs siqnallarının tezliyini (0,3-3,4 kilohers) və ADSL-modemin tezliyini (26 kilohers-1,4 meqahers) bir-birindən ayırır. Nəticədə iki müxtəlif funksiyalara malik olan siqnalların toqquşmasının qarşısı alınır. Korpusu, adətən, ağ plastmasdan hazırlanır və üzərində kabelləri taxmaq üçün 3 yuva olur: onlar uyğun olaraq “Line” (xətt), “Phone” (telefon), “ADSL” (yaxud “Modem”) kimi işarələnir.“Line” adlı yuvaya qoşulan kabelin o biri ucu telefon xəttinə qoşulur. “Phone” yuvasına taxılan kabel splitteri telefon aparatı ilə birləşdirir. “ADSL” (və ya “Modem”) adlanan yuva isə kompüterə qoşulmuş modemlə birləşmə üçün nəzərdə tutulub. Qoşulmalar düzgün qaydada aparılıbsa, İnternetdə işləyərkən telefon danışıqlarından da istifadə edilə bilər.
Kabel televiziyası şəbəkəsi nədir?
Adi telefon xəttinin olmadığı yerlərdə İnternetə bağlanmanın başqa bir növündən — kabel televiziyası şəbəkəsi vasitəsilə qoşulmadan istifadə etmək olar. Bu texnologiyada qoşulma sxemi belədir: kabel televiziyası mərkəzinin standart yayım qurğusu verilənlərin ötürülməsi üçün baş modem adlandırılan xüsusi qurğuya, sonra isə yönləndirici vasitəsilə yüksəksürətli İnternet kanalına qoşulur.Bundan sonra istifadəçinin kompüterində istənilən şəbəkə kartı quraşdırılır və o, xüsusi kabel modemi ilə əlaqələndirilir, modem isə, öz növbəsində, anten çıxışına birləşdirilir. Televizora əlavə qurğu qoşmaqla belə bağlantı vasitəsilə adi televiziya kanallarına baxmaq da mümkündür.
Wi-Fi zonası nədir?
Son zamanlar İnternetə qoşulmaq üçün GPRS, Wi-Fi, WiMAX kimi simsiz texnologiyalar daha populyar olub. Onların başlıca üstünlüyü konkret iş yerinə «bağlanıb qalmadan» müxtəlif mobil qurğular (noutbuklar, cib kompüterləri, «smartfonlar» və s.) vasitəsilə İnternetdə işləmək imkanının olmasıdır. Bu gün İnternetə belə çıxış imkanı «Wi-Fi zonası» adı altında hava limanlarında, restoranlarda, kafelərdə və başqa ictimai yerlərdə gerçəkləşdirilib; getdikcə daha çox təhsil müəssisəsi, iri təşkilatlar öz əməkdaşları üçün belə imkanlar yaradır.
Peyk rabitəsində verilənlər hansı üsullarla ötürülür?
Bəs telefon və ya kabel televiziyası şəbəkəsinin olmadığı uzaq yaşayış məntəqələrində İnternetə necə bağlanmalı? Təbii ki, belə yerlərdə uyğun xidməti göstərəcək provayder haqqında heç danışmağına dəyməz. Belə hallarda, adətən, başqa bir rabitə növündən — peyk rabitəsindən istifadə olunur. Burada işləmək üçün yalnız bunlar tələb olunur: anteni quraşdırmaq üçün yer, peykə birbaşa görünüş və elektrik enerjisi ilə təchizat mənbəyi.
Verilənlərin peyk vasitəsilə mübadiləsinin iki üsulu vardır:
- biryönlü, yaxud asimmetrik — verilənlərin qəbulu üçün peyk kanalından, verilişi üçünsə mümkün yerüstü kanalların hər hansı birindən istifadə olunur;
- ikiyönlü, yaxud simmetrik — verilənlərin həm qəbulu, həm də verilişi üçün peyk kanallarından istifadə olunur.
Beləliklə biz Şəbəkə qurğulardan birgə istifadə mövzusu ilə tanış olduq. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır