Sahibkarlığın cəmiyyətdə əhəmiyyəti bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş ilk elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Yalnız sahibkarlıq bütün məsələlərin həllində əsas üsul kimi qəbul edildiyi zaman həm ayrı-ayrı şəxslərin, həm də bütövlükdə cəmiyyətin sürətli inkişafını təmin edə bilər. Bu səbəbdən bazar iqtisadiyyatı şəraitində sahibkarlıq cəmiyyətin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi kimi qəbul olunur. Sahibkarlıq fəaliyyəti cəmiyyətə lazım olan məhsul və xidmətləri aşkara çıxarır və bu təlabatların ödənilməsi üçün sahibkarlar müəssisələr yaradırlar. İstehsal etdikləri məhsul və xidmətləri realizə edib (satırlar) bölüşdürürlər. İnsanların ehtiyaclarının ödənilməsi onların əsas məqsədlərindən biridir. Bu məqsədə çatmaq üçün onlar müəssisə yaradırlar və bu müəssisələr “real” iş yerlərinin əsas generatorlarına çevrilirlər, yəni işləməyə ehtiyacı olan və işləmək istəyən insanları işlə təmin edirlər. Yeni iş yerlərinin açılması məşğulluğun səviyyəsini yüksəldir.
Sahibkarlığın cəmiyyətdə əhəmiyyəti
Müəssisə tərəfindən iş yerləri yaradıldığı halda işçilər, müəssisə sahibi və dövlət gəlirlə təmin olunurlar, yəni fəhlə və qulluqçular əmək haqqı alır, sahibkarlar gəlir əldə edirlər, dövlət büdcəsinə isə vergilər daxil olur. Yeni müəssisə yeni vergi ödəyicisi deməkdir. Ayrı-ayrı fiziki şəxslərdən və müəssisələrdən vergi tutulmasa dövlət idarələri, orqanları fəaliyyət göstərə bilməzlər. Müəssisələr dövlətin sosial müdafiə siyasətində də ən aktiv iştirakçılardır.
Müəssisə sahibi öz gəlirindən dövlətə vergini ödədikdən sonra ona qalan gəlirlə yenidən istehlak məhsulları alır, müəssisə üçün əmanətlər yığır. Yeni məhsul və xidmətlərin istehsalının stimullaşdırılmasına, yeni texnologiyanın əldə edilməsinə və istifadəsinə dair yeni təkliflər üzərində işləyir və həyata keçirməyə çalışır. Bu hamısı yeni müəssisələrlə iş əlaqəsi yaratmaq deməkdir. Gəlirlə işləyən müəssisələr investisiya fondu yaradır. Bu fondun hesabına sahibkar istehsal gücünü artırır, istehsalını genişləndirir,müasirləşir. Bunların hamısı daha yeni iş yerlərinin açılması deməkdir. İnsanların ehtiyaclarının ödənilməsi üçün istehsal, ticarət, ictimai xidmət, həmçinin “nouhau” texnologiyalarına çoxlu miqdarda vəsait lazımdır. Bu vəsaitlərin böyük hissəsi müəssisənin fəaliyyətindən əldə olunur. Həmin vəsaitlər də şəxsi mülkiyyətdə olan resurslardır, yəni sahibkarların resurslarıdır. Beləliklə, sahibkarlıq cəmiyyətin inkişafının, insanların rifahının yaxşılaşdırılmasının vacib amillərindən biridir. Qeyd etmək lazımdır ki, əgər dövlət düzgün iqtisadi siyasət aparsa onda o, sahibkarlığın və öz iqtisadiyyatının inkişafına təkan vermiş olar.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır