Müəssisələrin hüquqi–təşkilati formaları bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
Müəssisələrin hüquqi–təşkilati formaları
Sahibkarlıq fəaliyyəti ilə kimlər məşğul ola bilər?
Sahibkarlıq fəaliyyəti ilə fiziki (hüquqi şəxs yaratmadan), yaxud hüquqi şəxs kimi məşğul olmaq olar.
Fərdi sahibkarlıq nədir?
Fərdi sahibkarlıq — fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə hüquqi şəxs yaratmadan həyata keçirdikləri sahibkarlıq fəaliyyətidir. Fərdi sahibkarlıq fəaliyyəti — riskləri və məsuliyyəti öz öhdəsinə götürməklə, həmin şəxslərin mülkiyyətinə əsaslanır.
Hüquqi şəxslər kimdir ?
Hüquqi şəxs qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
Qapalı Tipli Səhmdar Cəmiyyəti nə deməkdir?
Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət Səhmdar Cəmiyyəti adlanır. Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və onların əksəriyyətinin razılığı ilə satılan cəmiyyət Qapalı Tipli Səhmdar Cəmiyyəti adlanır.
Açıq Tipli Səhmdar Cəmiyyətində təsisçilər səhmlərini kimə sata bilərlər?
Səhmləri təsisçilərlə yanaşı kənar şəxslərə satıla bilən cəmiyyət Açıq Tipli Səhmdar Cəmiyyəti adlanır. Səhmdar Cəmiyyəti öz öhdəliklərinin yerinə yetirilməsinə və borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır.
Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) nədir?
Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) adlanır. Cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.
Kooperativ fiziki və hüquqi şəxslərin maddi və digər təlabatlarını ödəmək məqsədilə onun üzvlərinin say və resurslarının könüllü birləşdirilməsi əsasında yaradılan və fəaliyyət göstərilən təsərrüfat subyektidir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır