Əmək münasibətləri.Sosial sığorta bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
Əmək münasibətləri.Sosial sığorta
Əmək müqaviləsi nədir?
Əmək müqaviləsi (kontraktı) — işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəddir.
Əmək müqavilələri necə tərtib olunur?
Əmək müqavilələri yazılı qaydada, hər bir tərəfə bir nüsxə verilməklə iki nüsxədə tərtib edilməlidir. Ümumi qaydaya görə əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınandan sonra qüvvəyə minir.
Tərəflərin razılığı ilə, müqavilə Əmək Məcəlləsi ilə müəyyən edilən şablon forma üzrə tərtib edilir.
Əmək müqaviləsinin bağlanılması üçün hansı sənədlər lazımdır?
- şəxsiyyət vəsiqəsi və ya pasport;
- əmək kitabçası;
- dövlət sosial sığortası haqqında şəhadətnamə;
- təhsil, ixtisas haqqında sənəd;
- tibbi arayış (tələb olunarsa).
Əmək müqaviləsində hansı informasiya əks olunmalıdır?
- Tərəflər haqqında tam məlumat;
- Əmək funksiyası;
- İşin görülmə yeri;
- Əmək müqaviləsinin müddəti (müddətli və ya müddətsiz) və onun bağlanılma tarixi;
- İşin başlanma tarixi;
- Əmək şəraiti;
- İş vaxtı və istirahət rejimi;
- Əməyin ödənilməsinin miqdarı və digər şərtlər;
- Tərəflərin hüquq və öhdəlikləri;
- Tərəflərin razılığı üzrə digər məlumatlar.
Əmək müqavilələrinin elektron qeydiyyatı necə aparılır?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası olmalıdır. Əmək müqavilələrinin elektron qeydiyyatı https://www.e-gov.az/az/ services internet portalı üzərindən həyata keçirilir.
Sosial sığorta nədir?
Sosial sığorta — qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
Məcburi dövlət sosial sığorta haqqı ödəyiciləri kimlərdir?
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqının ödəyiciləri hesab olunurlar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olub əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə edən fiziki şəxslər sığortaedənlər hesab olunur.
Məcburi dövlət sosial sığorta haqqı necə ödənilir?
Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı:
- Başqasını sosial sığorta edən şəxslər üçün — hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi miqdarında;
- Əmək müqaviləsi (kontraktı) ilə işləyənlər üçün — hesablanmış əmək haqqının 3 faizi miqdarında;
Ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi məbləğinin:
Bakı şəhərində 100 faizi,
Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,
Respublika tabeli digər şəhərlərdə 80 faizi,
Rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,
Kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Vergilərin, rüsumların ödənilməsi, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, maliyyə və sığorta qaydalarının pozulmasına görə sahibkar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Vergilərin, rüsumların ödənilməsi, maliyyə və söğorta qaydaları əleyhinə olan inzibati xətalar” haqqında 36-cı Fəslində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri ilə cəzalandırılır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır