İnternetə giriş haqqında
20 oktyabr 1969-cu ildə Los-Ancelesdə Kaliforniya Universitetinin professoru Leonard Kleynrok öz kompüterindən Stanford tədqiqat mərkəzindəki kompüterlə əlaqə yaratmağa və tarixdə birinci elektron məktubu göndərməyə cəhd göstərdi. Əslində bu heç məktub da deyildi. Kleynrok Stanforddakı kompüterə LOG komandasını ötürmək istəyirdi. Yalnız iki hərfi göndərə bildi, G hərfi ötürülən zaman sistemdə nasazlıq yarandı. İki kompüter arasında əlaqə yaratmaq cəhdi zəncirvari proseslərin başlanğıcı oldu və gələcəkdə İnternet adlanan qlobal kompüter şəbəkəsinin yaranmasına gətirib çıxardı. Belə ki, indi 20 oktyabr İnternetin yaranma tarixi
hesab olunur. Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş bu şəbəkənin geniş inkişafı kompüter vasitəsilə informasiyanın işlənməsinə olan münasibəti çox dəyişdirmişdir. İnternetin imkanları insanın təsəvvür edə biləcəyi qədər genişdir. İnternet dünyanın müxtəlif hissələrində milyonlarla insanın ünsiyyət imkanıdır, istənilən məlumatın alınması və yayımlanması, sazişlərin bağlanması və boş vaxtın keçirilməsi vasitəsidir. XX əsrin ən böyük nailiyyətlərindən biridir.