Ana səhifə / Elektron dərsliklər / İnformasiya cəmiyyəti haqqında məlumat

İnformasiya cəmiyyəti haqqında məlumat

Paylaşmaq!

İnformasiya cəmiyyəti haqqında məlumat bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İKT moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İnformasiya cəmiyyəti haqqında məlumat

İnformasiya cəmiyyəti haqqında məlumat

Klassik yanaşmada iqtisadiyyat aqrar, sənaye və xidmət sferası sahələrinə bölünür. Hazırki dövrdə isə bu üç klassik sektora sürətlə inkişaf edən yeni bir sektor “intellekt iqtisadiyyatı” və ya “bilik iqtisadiyyatı” sektoru əlavə olunmuşdur. Bu günkü intellektuallaşmış avtomatika şəraitində artıq informasiyanın emalı deyil, yeni informasiyanın yaradılması və onun kollektiv istifadəsi ön plana çəkilir. Məhz bu səbəbdən də artıq “əl əməyi peşələri” ndən “intellektual peşələr” ə keçid baş verir. Belə şəraitdə dünya iqtisadiyyatının əsas alətləri kompüterlər və onlarla əlaqədar olan İKT avadanlıq və ləvazimatları olur ki, bu alətlərə də əsas xammalı İnternet, korporativ şəbəkələr və biliklər bazalarından verilir. Eyni zamanda biliklər sənayesi və informasiya texnologiyaları öz iqtisadi bölmələrinin hüdudlarını aşaraq müasir iqtisadiyyatın ən perspektivli istiqamətlərinin hərəkətvericisi, əlaqələndiricisi rolunu oynayır.

Analitiklərin fikrinə görə XXI əsr yeni “Mindcraft” (“ağıl peşəsi”, “intellekt peşəsi”) əsri olacaq ki, bu da insan şəxsiyyəti ilə İKT-larına əsaslanan intellektual texnologiyaların vəhdətidir.

Bu isə iqtisadi inkişafın dinamik yüksəlişinin informasiyanın yaradılması, ondan istifadənin ən mütərəqqi üsullarının işlənib hazırlanması, tətbiqi, bu proseslərin həyata keçirilməsi məqsədilə yeni texnologiya və vasitələrin yaradılmasını tələb edir. Bu tələbatın özündən də aydın olur ki, yeni əsrin iqtisadiyyatı həm xammalın vasitə, həm də vasitənin xammal yaratdığı qarşılıqlı sistemin vəhdətindən ibarətdir.

Müasir informasiyalaşmış iqtisadiyyatın inkişafının dinamikasının tədqiqi bəşər inkişafının müxtəlif mərhələlərində baş vermiş informasiya inqilablarının öyrənilməsini və onların inkişaf mərhələlərinin dinamik tədqiqini tələb edir. İnformasiya inqilablarının öyrənilməsi hər şeydən əvvəl iqtisadi inkişafın və cəmiyyətin informasiya və ona xidmət edən texnologiyaların, eləcə də bunların qarşılıqlı təsirindən törənən təkan və sıçrayışların dinamik təhlilinə imkan yaradır. Digər tərəfdən isə informasiya və informasiya texnologiyalarının bəşəriyyətin inkişafındakı əvəzolunmaz rolunu sübuta yetirir

Göründüyü kimi bəşəriyyətin inkişafında bir mərhələdən digərinə keçid informasiya, onun yaranması və istifadəsi mənbəə və vasitələri ilə müəyyənləşmişdir. Aqrar cəmiyyətdə əsas rol insanını birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material mübadilələrə malik idi. Sənayeləşmiş cəmiyyətdə enerji mübadiləsi önə çıxır ki, enerjinin yerdəyişməsinə də daha az vaxt tələb olunur. Bu isə cəmiyyətin daha dinamik inkişafına şərait yaratmışdır

Yaşadığımız müasir cəmiyyət informasiyalaşmış cəmiyyət adlansa da bir çox mütəxəssislərin fikrinə görə, bu cəmiyyətdə iki mərhələyə postsənayeləşmiş cəmiyyətə və tam informasiyalaşmış cəmiyyətə bölünür. Sənayeləşmiş cəmiyyətə keçid elmi-texniki inqilabın baş verməsinin nəticəsidir. XX əsrin sonu cəmiyyətin inkişafının informasiyalaşma mərhələsinə daxil olması ilə xarakterizə olunur. Bu mərhələ postsənayeləşmə dövrü adlandırılır. Cəmiyyətin keyfiyyətcə yeni inkişaf mərhələsi başlayır ki, onun da məğzi praktiki olaraq bütün sferalarda informasiya və onun ən yüksək forması olan elmi biliklərin mənimsənilməsi və geniş miqyaslı istifadəsindən ibarətdir.

Hər bir inkişaf mərhələsi istehsal qüvvələrinin özünəməxsus strukturuna malik olur. Hər növbəti mərhələdə isə əvvəlkində mövcud olan struktura yeni ona aid tərkib hissələri əlavə edilir. Belə ki, aqrar cəmiyyətdə istehsalın texnoloji vasitələr strukturuna insanın fiziki imkanları, əl alətləri, təbii faktorlar aiddir. Sənayeləşmiş cəmiyyətdə bu struktura maşınlar və elektroenrji əlavə edildi. İnformasiyalaşmış cəmiyyətdə isə mövcud struktura yeni komponentlər olan insan biliyi, informasiya texnologiyaları və informasiya əlavə olunur.

Postsənaye dövrünün əsas xüsusiyyəti informasiyadan istifadənin həyatın müxtəlif sahələrində geniş istifadədir. XX əsrin 50-ci illərindən başlayaraq EHM-larının yaradılması, proqram təminatlarının işlənməsi ilkin dövrdə xırda idarəetmə məsələlərində istifadə olunurdu.

Postsənaye cəmiyyətində informasiyanın həlledici rolu artdıqca. əldə olunan nəticələrdə onun payı çoxaldıqca, yeni məhsulun və sahələrin yaradılmasının, tədqiqi və qiymətləndirilməsinin məhz informasiya. Verilənlər və biliklərə nəzərən aparılması sonda informasiyalaşmış cəmiyyətin bərqərar olmasına şərait yaradacaq.

İnformasiyalaşmış cəmiyyətin xarakterik xüsusiyyəti onun informasiya mü-badiləsinə əsaslanmasıdır. Müasir telekommunikasiya vasitələrindən istifadə edil-diyindən bu cür mübadilə daha qısa müddətdə həyata keçirilir. Yaranmaqda olan informasiyalaşmış cəmiyyətin əsasını informasiya resursları təşkil edir. İn-formasiyalaşmış cəmiyyətin ilkin mərhələsininin vacib xüsusiyyətləri aşağıdakı-lardır:

  • intellektual xidmətlərdən istifadə önə çəkilir;
  • yeni intellektual texnologiyalar yaradılır;
  • nemətlərin çatışmamazlığını informasiya və vaxt çatışmamazlığı əvəz edir;
  • iqtisadiyyat informasiyalaşdırılmış kimi xarakterizə oluna bilər.

İnformasiya cəmiyyəti – vətəndaşların, dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının hüquqlarının reallaşdırılması və informasiya tələbatlarının ödənilməsi üçün təşkil edilmiş sosial-iqtisadi və elmi – texniki prosesdir.

İnformasiya cəmiyyətinin tərifini verərkən iqtisadçılar müxtəlif meyarlardan istifadə edirlər: texnoloji, iqtisadi, əmək, məkan, istehlak və kreativ. Onları ətraflı nəzərdən keçirək.

Texnoloji meyar. Yeni texnologiyalar informasiya cəmiyyətinin yaranması əlaməti kimi qəbul olunur. Kabel və peyk televiziyası, kompüter şəbəkələri, fərdi kompüterlər, yeni ofis texnologiyaları və s. nəzərdə tutulur. Fərz edilir ki, texnoloji yeniliklərin bu həcmi sosial yenidənqurmaya gətirib çıxarmalıdır, çünki onun cəmiyyətə təsiri çox böyükdür. Yaponiyada 1975 – ci ildən rabitə və tele-kommunikasiya nazirliyi telefon danışıqları və informasiyanın çatdırılması vasi-tələrinin həcminin ölçülməsi üçün mürəkkəb hesablama texnikasından istifadə edir.

İqtisadi meyar informasiyanın iqtisadi dəyərinin artımının uçotunu nəzərdə tutur. Ümumi (xərci çıxılmamış gəlirin hamısı) daxili məhsulda (ÜDM) in-formasiya biznesinin payının artımı informasiya cəmiyyəti istiqamətində hərəkət kimi izah olunur.

İqtisadi meyarı ilk istifadə edənlərdən biri Frits Mahlup olmuşdur. O, təhsili, hüququ, nəşriyyat işini, kütləvi informasiya vasitələrini və kompüterlər isteh-salını informasiya sahələrinə aid etmişdir. Mark Porat iqtisadiyyatın birinci və ikinci sektorları arasında fərqi irəli sürdü. Birinci sektor bilavasitə bazar dəyərini yaratdığından, ona dəqiq iqtisadi qiymət vermək olur. İkinci sektorla bunu etmək daha çətindir, baxmayaraq ki, o, iqtisadiyyat üçün çox əhəmiyyətlidir, belə ki, özündə şirkət və dövlət təsisatları daxilindəki informasiya fəaliyyətini əks etdirir (məsələn, şirkətlərdə personalın hissələri).

İnformasiya cəmiyyətinin tərifindəki iqtisadi meyar Herbert Şillerin iş-lərində nəzəri cəhətdən əsaslandırılmışdır. O, belə nəticəyə gəlmişdir ki, informasiya və kommunikasiya ilə bağlı istənilən innovasiyaya münasibətdə həlledici rol bazara məxsusdur: informasiya əmtəəyə çevrilməlidir, yəni informasiyanın əldə edilməsi daha çox yalnız kommersiya əsasında mümkün olacaq. Bu cür yanaşmada informasiya daha çox digər əmtəələrə bənzədiləcək. Şiller iddia edirdi ki, bazar prinsipləri (daha çox gəlirin maksimumlaşdırılmasına cəhd edilməsi) informasiya mühitində eynilə bütövlükdə kapitalist cəmiyyətində olduğu kimi işləyir. Bu prinsipə uyğun olaraq yaradılan informasiyanın keyfiyyəti və kəmiyyəti onun satışından yüksək gəlir əldə etmək imkanının olmasından birbaşa asılıdır. Buradan belə nəticəyə gəlmək olar ki, bazarın göstərdiyi təzyiq özünü daha çox hansı növ informasiyanı, kimin üçün və hansı şəraitdə istehsal etmək lazımdır? məsələsinin həllində göstərir.

Əmək meyarı. Burada əhalinin məşğulluğunun strukturu və bu strukturun dəyişmə tendensiyaları nəzərdən keçirilir. Fərz olunur ki, cəmiyyət öz inkişafının informasiya mərhələsinə məşğul əhalinin əksəriyyətinin informasiya sferasında işlədiyi zaman daxil olur. Bu cür yanaşma informasiyanın qeyri – fiziki əmək üçün “xammal” olması ilə əsaslandırılır. Məşğulluq sferasındakı dəyişikliklərdə informasiya texnologiyalarının təsiri deyil, informasiyanın transformasiya imkanlarının rolu daha çox nəzərə çarpır. Müasir iqtisadiyyatın hərəkətverici qüvvəsi insanlardır və informasiyanı yaratmaq və ondan istifadə etmək məhz onların əsas qabiliyyətidir.

Əmək meyarı özünün nəzəri əsasını Deniel Bellin işlərində tapmışdır. O, cəmiyyət quruculuğunun istənilən mərhələsində bütünlüklə və tamamilə əməyin dominantlıq edən tipi ilə müəyyənləşən tipologiyasını təklif edirdi. Bellə görə, əmək fəaliyyətinin ən geniş yayılmış növü bu və ya digər cəmiyyətin başlıca əlamətidir. O, hesab edirdi ki, əgər sənayeyə qədərki cəmiyyətdə kənd təsərrüfatı əməyi, sənaye cəmiyyətində isə, manufakturalardakı əmək ən geniş yayılmış əmək idisə, postindustrial cəmiyyətdə başlıca rolu xidmətlər sferasında məşğulluq oynayır. Bell oxşar dəyişiklikləri əmək məhsuldarlığının yüksəlməsi ilə izah edirdi. Belə ki, məhsuldarlığın artımı ilə cəmiyyət müəllimlərin sayını, xəstəxanaların miqdarını və s. artıra bilər. Sənaye nə qədər çox sərvət yaradırsa, bir o qədər daha çox xidmətlər göstərilə bilər və sənaye bir o qədər çox işçiləri xidmətlər sferasına buraxar. Xidmətlər sferasında əməyin avtomatlaşdırılması xüsusilə çətin olduğundan, onun işçilərinin sayı sənaye əməyinin məhsuldarlığının artımı qədər çoxalacaq. Buna görə də, məşğulluğun əhəmiyyətli dərəcədə azalmasından qorxmaq lazım deyil.

Məkan meyarı coğrafi prinsipə əsaslanır. Burada əsas diqqət müxtəlif yerləri birləşdirilən və buna görə də, ictimai həyatın məkan – zaman aspektlərinə dərin təsir göstərə bilən informasiya şəbəkələrinə yönəlir. Bu cür yanaşma zamanı müasir cəmiyyət informasiya – şəbəkə cəmiyyəti kimi nəzərdən keçirilir.

Manuel Kastelsin informasional kapitalizm adlandırdığı kapitalizmin yeni forması informasiya şəbəkələrindən həm bilavasitə istehsalda işlərin görülməsi üçün, həm də bütün dünya üzrə marketinqin aparılması üçün istifadə edir. Şəbəkə cəmiyyətində işgüzar aktivlik real zamanda məkan məhdudiyyətləri olmadan baş verir ki, bunu da inkişaf etmiş informasiya – kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Nəhəng transmilli korporasiyalarda bürokratiya öz yerini şəbəkələrdə bütün dünya üzrə saziş bağlamaqla işləyən və özünəbənzərlərlə müvəqqəti işlədiyi şirkətə nisbətən daha çox bağlı olan informasiya işçilərinə verir. Korporasiya öz səlahiyyətlərini, əsasında desentralizasiya, iştirak və koordinasiya prinsipləri duran, təşkilati özünü-proqramlaşdırma və özünüidarəetmə vahidlərinə verir. Rəqabətin qloballaşması böyük korporasiyanı müxtəlifcinsli şəbəkələr toruna çevirir. Kastels hesab etmirdi ki, qlobal informasiya şəbəkələri milli dövlətlərin zəifləməsi deməkdir. Ona görə ki, qloballaşma tendensiyalarına baxmayaraq, bu prosesin bütün iştirakçılarının maksimal uyğunlaşmasına tələbat mövcuddur.

İstehlak meyarı müasir dünyada rifah istehlakı getdikcə daha əhəmiyyətli dərəcədə informasiya fəaliyyəti ilə ifadə olunur. Bu hadisə istehlakın informasiyalaşması adını almışdır.

Məsələn, geyimin informasiya əhəmiyyətinin daim artması insana öz imicini yaratmağa və bununla da, digər insanlara informasiya ötürməyə kömək edir. Əgər əsrlər boyu əksəriyyətin geyiminə çevrilmiş kəndli köynəyi az əhəmiyyət kəsb edirdisə, müasir cəmiyyətdə ucuz və dəbə uyğun geyimin əldə olunma imkanı insana ətrafındakılara özünün müəyyən sosial qrupa, mədəni baxışlara, şəxsi keyfiyyətlərə və s. aid olması haqqında informasiya vermək imkanı verir və bununla da, ona şəxsiyyətlərarası qarşılıqlı təsir üçün əlavə imkanlar açır.

Kreativ meyar. Fərz olunur ki, informasiya iqtisadiyyatı ictimai həyatda ali, yaradıcı fəaliyyətin dominantlığı ilə xarakterizə olunur (ingiliscə creative – yaradıcı deməkdir). Zaman vahidlərində ifadə olunmuş yaradıcı fəaliyyətin məcmu həcmi informasiya iqtisadiyyatının yetkinlik səviyyəsini əks etdirir.

Kreativ meyar özünün nəzəri əsasını iqtisad elmində ilk dəfə olaraq yaradıcılığı iqtisadi inkişafın əsas amili qismində nəzərdən keçirən avstro – amerikan iqtisadçısı Yozef Şumpeterin işlərində tapmışdır. Şumpeterə görə, sahibkarın uğuru ilk növbədə onun “yeni kombinasiyalar”, yəni, öz unikallığı hesabına yaradıcısına gəlir gətirə bilən spesifik informasiya məhsulları yaratmaq qabiliyyətindən asılıdır. Müəyyən zaman keçəndən sonra yeni ideyanın rəqiblər tərəfindən mənimsənilməsi nəticəsində onun müəllifinin gəliri kəskin surətdə azalır və o, yaradıcılığı davam etdirmək məcburiyyətində qalır. Beləliklə, yaradıcılıq sahibkarın həyat fəaliyyətinin ayrılmaz elementinə çevrilir.

Beləliklə, mövcud iqtisadiyyatın nüvəsini informasiya məhsulları və xidmətlərinin istehsal və istehlak obyektlərinə çevrilməsi təşkil edir. Hazırda dünya ölkələrinin əksəriyyəti informasiyalaşmış cəmiyyətin ilkin mərhələsindədir. Lakin ABŞ və Yaponiya kimi dövlətlərin nümunəsində informasiyalaşmış cəmiyyətin inkişaf dinamikasını izləmək olar. İlkin nəticə ondan ibarət olur ki, bu ölkələrdə informasi-ya texnologiyalarına qoyulan sərmayələr ildən ilə artır.

İnformasiyalaşməş cəmiyyətdə istehsalla məşğul olan müəssisələrin fəaliyyəti prosesi köklü surətdə dəyişir. Bir tərəfdən istehsalın və ümumilikdə müəssisələrin inkişafında informasiya texnologiyalarının rolu artır, digər tərəfdən isə idarəetmə sistemi, insanını istehsal funksiyası dəyişir. İnformasiyalaşmış cəmiyyətdə informasiya və şəbəkə texnologiyaları insanları informasiya toplanması kimi mühafizəkar əməkdən azad edərək, onların müxtəlif sahələrdə verilənlərin intellektual təhlili ilə məşğul olmasına və sifarişçilərə yüksək səviyyədə xidmət göstəməyə şərait yaradır. Bu səbəbdən də müəssisələr arasınada əlaqələrin yaradılması, məhsulların satılması, satılmış məhsulların çatdırılması və yeni tələbatların öyrənilərək keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi, istehsalın ümumi səviyyəsinin, iqtisadiyyatın artan tempinin təmin edilməsi yüksək sürətlə yerinə yetirilir.

İnkişaf etmiş ölkələrin iqtisadiyyatının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, müasir informasiya cəmiyyətinin vəziyyəti aşağıdakı kimi xarakterizə edilə bilər:

  •  cəmiyyətin inkişafında mərkəzi yeri bilik tutur:
  •  müəssisələrin fəaliyyətində biliklər əsasında yüksək templə yeni intellektual texnologiyalar yaradılır və tətbiq edilir:
  •  intellektual texnologiyaların inkişaf tempinə uyğun olaraq lazımı biliklərə malik insanların sayı artır;
  •  hakimiyyət meritokratiyaya, yəni yüksək təhsilli peşəkarlara keçir;
  • mövcud informasiyalaşmış cəmiyyətin iqtisadiyyatı informasiya iqtisadiyyatı kimi xarakterizə olunur;
  •  əməyin xarakteri dəyişir: məşğulluğa primitiv nəzarət tələbatı yoxa çıxır. Əvəzinə nəticələr üzrə nəzarət yaranır. Bu zaman isə işçinin daima idarədə olması tələbatı da yox olur. Bəzi hallarda fiziki ofislərə (idarələrə) ehtiyac qalmır. Onları məntiqi və ya virtual ofislər əvəz edir;
  •  daha çox insan yaradıcı əməklə məşğul olmaq imkanı əldə edir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …