Bugünkü, elektron dərsimizin əsas mövzusu Rəng modellərinin qarşılıqlı əlaqəsi olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Rəng modellərinin qarşılıqlı əlaqəsi
RGB modeli ilə CMYK modelinin fərqi nədədir?
RGB modeli şüalanan, CMYK modeli isə əks olunan işıqla işləyir. Monitorda yerləşən təsviri printerdə çap etmək üçün istifadə olunacaq xüsusi proqram bir rəng modelindən digər rəng modelinə keçidi təmin etməlidir.
Dörd rəngli çap prosesi neçə mərhələdən ibarətdir?
Dörd rəngli çap prosesini iki mərhələyə bölmək olar:
- İlkin təsvir əsasında həmin təsvirin mavi (firuzəyi), al-qırmızı, sarı və qara təşkiledicilərinin yaradılması;
- Həmin təşkiledicilərin (təsvirlərin) hər birinin eyni kağız vərəqdə çap edilməsi.
Rəngli təsvirin dörd komponentə (təşkilediciyə) bölünməsi xüsusi proqramla həyata keçirilir. Printerlərdə CMYK modelindən istifadə edilsəydi təsvirin RGB modelindən CMYK modelinə çevrilməsi çox sadə olardı, çünki qırmızı və yaşıl rənglərin qarışığı ilə sarı, sarı və mavi rənglərin qarışığı ilə yaşıl, qırmızı və göy rənglərin qarışığı ilə al-qırmızı və s. rəng alınır.
Rəng əhatəsi nədir?
RGB və CMYK modellərində rənglərin alınma üsulu fərqli olduğuna görə monitorda görünən rəngləri olduğu kimi çap etmək olduqca çətindir.
Adətən ekranda olan rənglər çap edilən eyni rənglərdən daha parlaq olur. Rəng modeli ilə yaradıla bilən rənglər çoxluğu rəng əhatəsi adlanır. Ən geniş rəng əhatəsi gözün fərqləndirə bildiyi rənglərin məcmusudur. Bu natural rəng əhatəsi adlanır.
Natural rəng əhatəsinə nəzərən RGB modeli daha az, CMYK modeli isə RGB modelinə nisbətən kiçik əhatəyə malikdir. Nəzərə almaq lazımdır ki, çap edilə bilən rənglərin sayı ekranda yaradıla bilən rənglərin sayından xeyli azdır. Ona görə də bir sıra qrafik redaktorlarda RGB modeli ilə yaradılan rənglərin CMYK modelinin rəng əhatəsindən kənara çıxması haqqında xəbər verən göstərici nəzərdə tutulmuşdur.
Adobe Photoshop proqramında rəng əhatəsi ilə bağlı xəbərdarlıq necə görsənir?
Adobe Photoshop proqramında xəbərdarlıq göstəricisi kimi kiçik nida işarəsindən istifadə edilir. Belə xəbərdarlıq meydana gələndə siçanın sol düyməsini sıxmaqla Adobe Photoshop poqramını məcbur etmək olur ki, həmin rəngi CMYK modelindəki yaxın rəng spektri ilə əvəz etsin.
CorelDRAW proqramı da çap prosesində dəqiq çap edilə bilməyən rənglər barədə informasiya verir. Bu halda CMYK modelinin rəng əhatəsinə daxil olmayan rənglər xüsusi, məsələn, açıq yaşıl rənglə əvəz edilir.
Corel DRAW və Adobe Photoshop kimi redaktorlar RGB modeli ilə yanaşı həm də CMYK modelində təsvirlər yaratmağa imkan verir. Bu halda istifadəçi istifadə edilməsi mümkün olan rəng məhdudiyyəti ilə barışmalıdır ki, təsvirin necə çap ediləcəyini ekranda görə bilsin. CMYK modelində ixtiyari rəng yaratmaq üçün RGB modelində oldugu kimi əsas rənglərin faiz nisbəti göstərilməlidir.
Kompüter qrafikası ilə yeni məşğul olmağa başlayanlar üçün CMYK modelində rəngləri formalaşdırmaq bir qədər çətinlik törədir.
Rəng dairəsindən istifadə bu işi xeyli sadələşdirir, çünki, rəng dairəsində hər bir rəng onun ibarət olduğu rənglərin arasında yerləşir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır