Azərbaycan dövlət bayrağının dalğalandığı dirək dünyada ən hündür bayraq dirəyi kimi təsdiqlənib.
Qeyd edək ki, bayrağın çəkisi 350 kiloqramdır. İnşa olunmuş dayağın hündürlüyü isə 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. “Ginnes” in dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Ölkə başçısının 2009-cu il 17 noyabr sərəncamına əsasən, hər il noyabrın 9-u Azərbaycanda dövlət bayrağı günü kimi qeyd ediləcək.
Xatırladaq ki, Dövlət bayrağı meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində — Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında ölkə başçısı İlham Əliyevin iştirakı ilə qoyulub.
ABŞ “Trident support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın şirkəti həyata keçirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
Bakı Bayraq Meydanı
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır