Kompüterdə rahat işləmək üçün tədbirlər bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Kompüterdə rahat işləmək üçün tədbirlər
- 1.1 Sistem bloku ilə bağlı gərəkli tədbir
- 1.2 Masa ilə bağlı gərəkli tədbir
- 1.3 Qidalanma ilə bağlı tədbir
- 1.4 Soyutma sistemi ilə bağlı tədbir
- 1.5 Mouse (siçanın) işlədilməsi ilə bağlı tədbir
- 1.6 Kompüter kabelləri ilə bağlı tədbir
- 1.7 Daşıyıcılarla bağlı tədbir
- 1.8 İşıqlanma ilə bağlı tədbir
- 1.9 Stul və kreslo ilə bağlı tədbir
- 1.10 Kompüterə qulluq vasitələri üçün tədbir
Kompüterdə rahat işləmək üçün tədbirlər
Sistem bloku ilə bağlı gərəkli tədbir
Kompüterin əsas hissələri sistem blokunun içərisində olduğundan, onu düz səthdə elə dayanıqlı yerləşdirmək gərəkdir ki, sistem blokunun küncləri masanın qıraqlarından çıxmasın.
Kompüterinizin sistem bloku “qüllə” (tower) tiplidirsə, onu monitorun yanına qoymaqdansa, masanın altında xüsusi altlığın üzərində yerləşdirmək daha yaxşıdır.
Masa ilə bağlı gərəkli tədbir
Yaxşı olar ki, üst taxtası enli, sistem bloku üçün yeri, klaviatura və siçan üçün siyirtməsi olan və xüsusi olaraq kompüterlər üçün nəzərdə tutulmuş masadan istifadə edəsiniz.
Qidalanma ilə bağlı tədbir
Kompüteri gözlənilməz pis hadisələrdən qorumaq üçün kəsilməz qida mənbəyinə xərc çəkməyinə və ya heç olmazsa, süzgəci olan torpaqlanmış rozet quraşdırmağına dəyər.
Soyutma sistemi ilə bağlı tədbir
Sistem blokunun və monitorun ventilyasiya deşiklərini açıq saxlayın, masanın üstünü kağızlarla, kitab və jurnallarla doldurmayın.
Monitorun və sistem blokunun soyuma şəraitinin pisləşməsi onların “ömrünü” qısalda bilər.
Mouse (siçanın) işlədilməsi ilə bağlı tədbir
Siçan üçün altlıqdan istifadə olunması onun çirklənməsinin qarşısını alır.
Altlığın üstünə içərisində maye olan fincan və stəkan qoymayın: maye yapışqanlı ola və altlığı, siçanın kürəciyini korlaya bilər.
Kompüter kabelləri ilə bağlı tədbir
Kompüterin çoxlu kabelləri olur. Onları masanın arxasına yığmaq daha yaxşıdır.
Ancaq masanı divardan bir az aralı saxlamaq gərəkdir ki, kabellər bir-birinə dolaşmasın.
Daşıyıcılarla bağlı tədbir
İnformasiya daşıyıcılarını — disketləri, maqnit və optik diskləri təmiz yerdə, daha yaxşısı, xüsusi qablarda saxlayın, çünki onların tozla çirklənməsi, yaxud zədələnməsi “başağrısına” səbəb ola bilər.
İşıqlanma ilə bağlı tədbir
Ekranda işığın əks olunmasını və işıq ləkəsini azaltmaq üçün kompüteri pəncərəyə perpendikulyar yerləşdirin.
Otaqda yetərincə təbii işıqlanmanı təmin edin ki, yardımçı işıq mənbələrinə gərək qalmasın və işıq ləkələrinin parlaqlığı azalsın.
Stul və kreslo ilə bağlı tədbir
Rahat stul, yaxud hündürlüyü tənzimlənən və xüsusi olaraq kompüterdə işləmək üçün nəzərdə tutulmuş kreslo almağa xəsislik etməyin.
Kompüterə qulluq vasitələri üçün tədbir
Kompüterin yaxınlığında ona qulluq göstərmək üçün vasitələri — alətləri, sıxılmış havalı aerozolu, siçanı və CD- ROM—u silmək üçün spirt şüşəsini, eləcə də kompüteri silib təmizləmək üçün flanel parçanı saxlamaqdan ötrü yer nəzərdə tutun.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.