Ana səhifə / Sahibkarlıq modulu / Məhsulun maya dəyərinin hesablanması

Məhsulun maya dəyərinin hesablanması

Paylaşmaq!

Məhsulun maya dəyərinin hesablanması bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Məhsulun maya dəyərinin hesablanması

Məhsulun maya dəyərinin hesablanması

Məhsulun maya dəyərini əmələ gətirən hansı xərcləri tanıyırsınız?

Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il 16 avqustda “Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında Əsasnamə” təsdiq edilib. Normativ aktlara müvafiq olaraq məhsulun maya dəyərini əmələ gətirən xərclər beş element üzrə qruplaşdırılır:

1.material xərclər;

2.əmək haqqı xərcləri;

3.sosial ehtiyatlara ayırmalar;

4.əsas fondların amortizasiyası (köhnəlməsi);

5.sair xərclər.

Material xərcləri nədir?

Material xərcləri elementlərinə məhsul istehsalına, işlərin görülməsinə, xidmətlərin göstərilməsinə sərf edilən xammalın , materialın dəyəri daxildir.

Əmək haqqı xərcləri nədir?

Əmək haqqı xərcləri elementində qanunvericiliklə nəzərdə tutulan hədlər daxilində müvafiq məhsul (iş, xidmət) istehsalında çalışan işçilərə hesablanan əmək haqqı müavinətlər üzrə xərclər əks etdirilir.

Sosial ehtiyaclara ayırmalar nədir?

Sosial ehtiyaclara ayırmalar müəssisələrin üzərinə qanunvericiliklə qoyulmuş məcburi xərclər növündən biridir. Bu məcburi sığorta ödənişləri Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ayırmalar formasında köçürülür. Həmin fonda ayırmaların faiz dərəcələri qanunvericiliklə tənzimlənir və vaxtaşırı müvafiq fondlara köçürülür.

Əsas fondların amortizasiyası nədir?

Əsas fondların amortizasiyası (köhnəlməsi, aşınması) məhsulun maya dəyərinə görə qanunvericiliklə müəyyən edilmiş normalara uyğun daxil edilir. Amortizasiya ayırmaları pul məsrəflərini ifadə etmir. Bu haqq – hesab kəmiyyətidir ki, müəssisəyə daxili mənbə hesabına investisiya üçün xüsusi ehtiyat vəsaiti toplamağa imkan verir.

Sair xərclər nədir?

Məhsulun maya dəyərinə sair xərclər müxtəlif üsullarla daxil edilir. Sair xərclərin tərkibində ilk növbədə vergilər , rüsumlar, torpaq vergisi, nəqliyyat vergisi, reklam, bank, rabitə, məhsulun satışına aid olan məsrəflər aiddir.

Məhsulun tam maya dəyəri nədir?

Məhsulun istehsalı və satışına çəkilən xərclər toplusu onun tam maya dəyərini təşkil edir. Müəssisə üçün maya dəyəri istehsal edilən məhsulu satışa buraxarkən ona qiymət qoymaq üçün əsas meyar kimi çıxış edir və həmçinin məhsul satışından əldə ediləcək mənfəəti, bu mənfəətin vergi yükünü müəyyən etmək üçün əsas olur.

Müəssisənizin xərclərini müəyyən etdikdən sonra siz satacağınız məhsul və ya xidmətin həqiqi dəyərini hesablaya bilərsiniz. Maya dəyərini bildikdən sonra təyin etdiyiniz gəlir həcmini üzərinə əlavə edib yekun satış qiymətini tapırsınız.

Bir məhsul və xidmət növünün maya dəyərinin hesablanması necə aparılır?

Maya dəyəri = Xərclərin Ümumi həcmi / Satılacaq məhsul və xidmətlərin miqdarı.

12 ay ərzində olacaq butun xərclərinizin cəmini həmin müddət ərzində satılacaq məhsul və xidmətlərin həcminə bölməklə məhsul və ya xidmətinizin maya dəyərini tapa bilərsiniz. Unutmayın ki, bu bir növ məhsul və ya xidmət istehsal edən yaxud satan sahibkarlar üçündür.

Topdan və pərakəndə ticarət üçün maya dəyərin hesablanması necə aparılır?

Maya dəyəri = Alış qiyməti x Xərclərin Ümumi Həcmi (XÜH) /Ümumi Alış Həcmi (ÜAH)

Ticarətlə məşğul olanlar məhsulu alıb-satır və oradan yaranan fərqdən gəlir əldə edirlər. Ona görə də malın maya dəyəri təkcə onun alış qiyməti deyil, buraya həm də müəssisənin xərclərinin bir hissəsi daxildir. Yuxarıda göstərilən düsturda xərclərin ümumi məbləğini bütün məhsul növləri ilə ümumi alış həcminə böldükdə hər məhsul vahidinin müəyyənləşdirilməsi ücün “Əmsal” tapırıq. Qısaca Əmsal = XÜH / ÜAH.

Daha sonra tapılan əmsalı aldığımız məhsulların alış qiymətinə vuraraq hər məhsul üçün maya dəyərini müəyyən edirik.

Topdan və pərakəndə ticarət üçün maya dəyərin hesablanmasına aid nümunə

“X” adlı şirkət ayaqqabı, çanta və kəmər satışı ilə məşğuldur. Bu məhsulları hardansa alırsınız və onların alış qiyməti belədir: Ayaqqabı — 12 AZN; Çanta — 8 AZN; Kəmər — 5 AZN

Fərz edin ki, xərclərin ümumi həcmi 9000 AZN, ümumi alış həcmi isə 5400 AZN — dir. Qaydaya əsasən:

XÜH/ÜAH = 9000/5400 = 1.6 (Əmsal)

İndi maya dəyərini tapaq: Alış qiyməti x əmsal.

Ayaqqabı (12 x 1.6 = 19.2 AZN)

Çanta (8 x 1.6 = 12.80 AZN)

Kəmər (5 x 1.6 = 8 AZN)

Buradan asanlıqla hər məhsul üçün maya dəyərini tapmış olduq.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.