Yanğının yayılmasının qarşısını almaq üçün istifadə olunan üsullar elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Yanğının yayılmasının qarşısını almaq üçün istifadə olunan üsullar
Yanğın və partlayış həyat və tikililər üçün hər zaman böyük təhlükə yaradır. Belə hallarda yanma nəzəriyyəsi və yanğının yayılma üsulları düzgün qiymətləndirilərsə o zaman yanğının yayılmasının qarşısını almaq olar. Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın təhlükəsizliyinə dair normativ hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla mübarizə təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, konstruksiyaların, binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi əsasında işlənib hazırlanır.
Hansı tədbirlərin görülməsi yanğının yayılmasının qarşısını ala bilər?
- Ərazi və binalarda siqaret çəkməyə ancaq bunun üçün ayrılmış və yanğın təhlükəsizliyi təmin edilmiş xüsusi yerlərdə icazə verilməlidir.
- Ümumiyyətlə, yanğın təhlükəli işlərin aparılması üçün vəzifəli şəxs icazə verməli, bunlar aparılarkən mütləq ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmuş yanğın postları təyin olunmalıdır.
- Əksər hallarda yanğınların əsas səbəbi elektrik dövrəsinin artıq yüklənməsi və qısaqapanmadır. Elektrik naqilləri elektrik cihazlarının nominal gücünə uyğun seçilməlidir. Əks halda, elektrik naqili həddindən artıq qızar, nəticədə naqilin izolyasiyası keyfiyyətini tədricən itirər, bu da öz növbəsində elektrik təsərrüfatında qəzaya və yanğının baş verməsinə səbəb olar. Bir yuvaya bir neçə elektrik cihazının qoşulması da belə bir hala gətirib çıxara bilər.
Qısaqapanma nədir?
Qısaqapanma izolyasiyası olmayan və ya izolyasiyası zədələnmiş naqillərin bir-birinə toxunması nəticəsində baş verir. Bu zaman naqillər o qədər qızır ki, metal damarlar əriyərək qığılcım yaradır və bitişik yana bilən konstruksiyalarda yanğının başlamasına səbəb olur. Qeyd olunan səbəblərdən baş verə biləcək yanğınların qarşısını almaq üçün müəyyən yükə hesablanmış əriyən qoruyucu və ya avtomat açar quraşdırılmalıdır.
Başqa hansı tədbirlərin görülməsi yanğının yayılmasının qarşısını ala bilər?
- Əgər elektrik naqilləri yanırsa, dərhal naqilləri cərəyandan ayırmaq və ya qoruyucuları sayğacdan çıxartmaq, bundan sonra əl altında olan vasitələrlə yanğını söndürməyə başlamaq lazımdır.
- Yanğın zamanı pəncərə və qapıları açmaq, pəncərə şüşələrini sındırmaq, eləcə də başqa cür hava cərəyanı yaratmaq olmaz.
- Yanğın otaqda yayılmağa başlayırsa, qonşu otaqların qapısını kip bağlamaq lazımdır ki, alov digər obyektlərə, pilləkənlərə yayılmasın.
- Tüstünün yayılmaması üçün qapının altını nəm əsgi ilə tutmaq vacibdir. Güclü tüstü olan sahədə sürünərək və ya əyilərək hərəkət etmək lazımdır.
- Yanğınlar zamanı adamların əynindəki paltarların yanmasına tez-tez rast gəlinir. Odur ki, hər şeydən əvvəl paltarı alışan adam qaçmamalıdır, çünki qaçdıqda alov daha da şiddətlənir. Buna görə də yerə, döşəməyə uzanmaqla və yuvarlanmaqla, yanan yerləri döşəməyə və ya yerə sıxmaqla söndürməyə çalışmaq lazımdır. Bunu görənlər həmin şəxsi adyalla, köhnə paltarla kip sarımağa çalışmalıdırlar.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır